Firona edilən təbliğ və istifadə ediləcək üslub

Allah Hz. Musa ilə Hz. Harunu Fironun yanına getməmişdən əvvəl xəbərdar etmiş, daima Onu anmalarını və bu işdə heç bir şəkildə iradəsizlik göstərməmələrini əmr etmişdi:

“Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin” (“Taha” surəsi, 42).

Allah Hz. Musa və Hz. Haruna Misir hakimi olan Fironun yanına getməyi əmr etmişdi. Fironun təkəbbür və inkar içində azmış durumda olduğunu bildirmiş, lakin yenə də ona dini təbliğ edərkən yumşaq bir üslubla danışmalarını əmr etmişdi:
“Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (“Taha” surəsi, 43-44).

Bu ayədə də diqqət yetirildiyi kimi, yumşaq söz söyləmək dini təbliğ etməkdə çox vacib bir üsuldur. Bir çox ayədə də ümumi qayda olaraq sözün gözəl olanının seçilməsi əmr edilir. Burada isə qarşıdakı adamın yolunu azmasına baxmayaraq onunla yumşaq davranmaq əmr edilir. Bu da bizə gözəl bir üslubun dinin təbliğ edilməsində nə qədər vacib olduğunu bir daha göstərir.
Hz.Musa ürəyindəki qorxunu Allahın bu əmri əsasında səmimi üslubu ilə təkrarən dilə gətirmişdi. Fironun onu öldürməsindən narahat olduğunu Rəbbimizə söyləmişdi:

“Onlar: “Ey Rəbbimiz! Bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından qorxuruq!” - dedilər”
(“Taha” surəsi, 45).

 

“(Musa) dedi: “Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr”
(“Qəsəs” surəsi, 33).

Hz.Musanın bu cavabının qarşılığında Allah onunla bərabər olduğunu, onu gördüyünü və hiss etdiyini ona bir dəfə də xatırlatmışdı. Ayrıca Hz.Musaya və Hz.Haruna Fironun yanına gedib İsrail oğullarını özləri ilə bərabər yollamasını istəmələrini əmr etmişdi:

“Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrailoğullarını bizimlə göndər və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun!” (“Taha” surəsi, 47).

Diqqət yetirilirsə, Hz.Musanın Fironla dialoqunda sınaqdan keçirilən yeganə adam Firon deyil. Hz.Musa da imtahan edilir. Hz.Musa Fironun onu öldürməsindən narahatdır və ondan çəkinir. Ancaq Allah Hz.Musaya Fironun yanına getməkdən əlavə İsrail oğullarını özü ilə götürməyi ondan istəməsini əmr etmişdi. Bütün Misirin mübahisəsiz hakimi mövqeyində olan, insanların ilahiləşdirərək itaət etdiyi Fironun yanına gedib onun yolunu azdığını açıq bildirmək, qul vəziyyətində olan İsrail oğullarının hürriyyətini tələb etmək əlbəttə, zahirən son dərəcə təhlükəli bir işdir. Ancaq Allah Hz.Musanı və Hz.Harunu qoruduğuna görə onlar hərəkət edərkən mütləq təhlükəsizlikdə olduqlarını bilmiş və Rəbbimizə olan güvənin verdiyi rahatlıqla bu əmri yerinə yetirmişdilər. Allah onlara bu həqiqəti “qorxmayın” əmri ilə xatırlatmışdı:

“(Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, eşidirəm və görürəm!” (“Taha” surəsi, 46).

Geri