Fironun Misir hakimiyyəti və İsrail oğullarının vəziyyəti

Qədim Misir mədəniyyəti eyni tarixdə Mesopotamiyada qurulmuş şəhər-dövlətlərlə birlikdə tarixin ən qədim sivilizasiyalarından biridir. Misir dövrünün ən mütəşəkkil sosial və siyasi sistemə sahib olan dövləti kimi tanınır. B.e.ə. 3000-ci illər civarında yazıdan istifadə, Nil çayından faydalanma, ölkənin ətrafının səhralarla əhatə olunması və təbii-coğrafi şəraiti sayəsində kənardan ola biləcək hücumlardan  yaxşı qorunması misirlilərin sahib olduğu mədəniyyətin inkişafına xeyli təsir etmişdi.
Ancaq bu sivilizasiya Quranda inkar sisteminin ən açıq və aydın tərif edildiyi “Firon idarəçiliyinin” tətbiq edildiyi bir mədəniyyətdir. Bu cəmiyyətin insanları Allaha qarşı təkəbbür göstərərək haqq dini inkar etmişdilər. Malik olduqları qabaqcıl mədəniyyət, sosial və siyasi quruluşları, hərbi uğurları da onları məhv olmaqdan qurtara bilməmişdi.
Misir tarixinin ən vacib hadisələri isə İsrail oğullarının bu ölkədə olması ilə bağlı idi.
İsrail Hz.Yaqubun başqa bir adıdır. Hz.Yaqubun oğulları “İsrail oğulları” kimi tanınan, sonradan “yəhudi” adlandırılan xalqı təşkil etmişlər. İsrail oğulları Misirə Hz.Yaqubun kiçik oğlu Hz.Yusifin dövründə gəlmişlər. Quranda Hz.Yusifin həyatı “Yusif” surəsində bütün təfsilatı ilə qeyd edilir. Hz.Yusif kiçik yaşlarından başlayaraq bir çox sıxıntılar çəkmiş, böhtanlara və iftiralara məruz qalmışdır. Daha sonra bir iftira nəticəsində düşdüyü zindandan xilas olaraq Misir xəzinələrinə sahib olmuşdu. Bunun ardından İsrail oğulları onun rəhbərliyi altında Misirə girməyə başlamışdı. Allah bu hadisə haqda Quranda belə xəbər verir:

“Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb: “İnşallah əmin olaraq Misirə daxil olun!” - dedi”
(“Yusif” surəsi, 99).

Quranda bildirildiyinə görə, əvvəlcə sülh və əmin-amanlıq içində yaşayan İsrail oğulları zaman keçdikcə Misir cəmiyyətindəki mövqeyini itirməyə başlamış və sonda qul vəziyyətinə düşmüşdülər. Ayələrdən görünür ki, Hz.Musanın gəldiyi zamanda İsrail oğulları belə bir vəziyyətdə yaşayırdılar. Qurana görə, Hz.Musa “qul olan xalqın” bir üzvü kimi Fironun yanına getmişdi. Fironun və adamlarının Hz.Musa və Hz.Haruna verdiyi bu təkəbbürlü cavab bizi bu mövzuda məlumatlandırır:

“Dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”“
(“Muminun” surəsi, 47).

Ayələrdə bildirildiyinə görə, misirlilər İsrail oğulları üzərində əsl bir quldarlıq sistemi qurmuşdular. Öz işlərində İsrail oğullarından xidmətçi kimi istifadə edir, quldarlığın davam etməsi üçün onları zülm və işgəncə içində saxlayırdılar. Misir cəmiyyətində İsrail oğullarına edilən bu təzyiq o qədər güclənmişdi ki, onların şəxsiyyəti də şübhə altına alınırdı. Özlərinə təhlükə yaradacağını düşünərək əhalinin kişi hissəsinin artmasına mane olur, xidmət üçün istifadə edilən qadınları isə sağ buraxırdılar. Allah İsrail oğullarına xitab edən ayələrdə bu həqiqəti belə açıqlayır:


“Firon əhli sizə ən ağır işkəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən böyük bir imtahan var idi” (“Bəqərə” surəsi, 49).

 

“Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi” (“Əraf” surəsi, 141).

Misirdə hakim olan bir din vardı. Bu, Fironun ata-babasından qalan qədim bütpərəst bir din idi. Bu batil dinə görə, xeyli tanrı var idi. Firon isə sözdə yer üzündə yaşayan bir tanrı idi. Məhz bu düşüncə ona xalqı qarşısında böyük bir güc verirdi. Firon və ətrafındakılar Musa peyğəmbəri atalarının dinindən faydalanmaqla sürdükləri həyat tərzinə bir təhlükə sayırdılar. Çünki atalarının dininə görə, böyüklük bütövlüklə Firona aid idi. Fironun bu böyüklük və hər şeyə sahib olmaq istəyi və Hz.Musa ilə Hz.Harunu özünə rəqib görməsi Fironun və ətrafındakıların Hz.Musaya və Hz.Haruna söylədiklərindən də anlaşılır:

“Onlar: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” - dedilər” (“Yunus” surəsi, 78).

Firon atalarının dininə görə, özünün tanrı olduğunu iddia edirdi. Hətta həddi aşaraq özünün ən uca Rəbb olduğunu irəli sürürdü:

“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!” (“Naziat” surəsi, 24).

Firon və ətrafındakılar sahib olduqları batil dinə görə, özlərini ilahi şəxslər sayırdılar. Əsl dinin ortaya qoyduğu təvazö, sevgi, şəfqət kimi anlayışlardan tamamən uzaq olduqları üçün təkəbbür göstərib lovğalanırdılar. Bu təkəbbürün nəticəsi olaraq da qaba davranmaqda haqlı olduqlarını hesab edirdilər. Onların bu vəziyyətini Allah bu ayədə xəbər verir:

“Fironun və onun əyan-əşrafının yanına. Onlar təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar” (“Muminun” surəsi, 46).

Firon Misir xalqı üzərində o qədər böyük bir təsirə malik idi ki, hər kəs onun gücünə boyun əymişdi. Bütün Misir torpaqlarının və Nil çayının sahibinin yalnız Firon olduğunu zənn edirdilər:

“Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!” (“Zuxruf” surəsi, 51).

Misir üçün Nil həyat deməkdir. Ondan alınan su ilə əkinlər suvarılır, heyvanlar ehtiyaclarını ödəyir, insanlar isə su içə bilirdilər. Beləliklə, Fironun və ətrafındakı aparıcı şəxslərin təsəvvürlərinə görə, bütün bu suyun və torpaqların tək sahibi Firon idi. Fironun bu gücünü hər kəs qəbul etmiş və ona tabe olmuşdu. Firon gücündən daha yaxşı istifadə etmək və insanları öz hakimiyyəti altına daha asan şəkildə almaq üçün onları öz aralarında hissələrə bölmüşdü. Beləcə özünə yaxın seçdikləri ilə zəiflətdiyi hissələri rahat idarə edirdi. Bir ayədə bu vəziyyətə belə diqqət yetirilir:

“Həqiqətən, Firon yer üzündə baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. Onların arasında olan bir tayfanı gücsüz görüb onların oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, fitnə-fəsad törədənlərdən idi!”
(“Qəsəs” surəsi, 4).

Hz.Musa anadan olmamışdan əvvəlki Misirə baxanda ölkənin bütünlükdə fitnə-fəsad və pozğunluqla dolu olduğunu görürük. İnsanlar sırf irqi fərqlərə görə qul edilir, işgəncəyə məruz qalır və oğlan uşaqları səbəbsiz yerə öldürülürdü. Digər tərəfdən, zülm və təkəbbür içində olan Firon özünü yer üzünün tanrısı sayırdı. Çox güclü bir sistemlə hər şeyə hakim olan Firon insanları özünə tabe etmişdi.


Geri