Saraydakı mömin insan və mübahisələr

Yaşanan fövqəladə hadisələrə və seyr edilən möcüzələrə baxmayaraq Firon və ətrafı Hz.Musaya müqavimət göstərdilər. Təkəbbürləri və inadcıllıqları səbəbindən inkar etməkdə davam etdilər və gördüklərinin bir sehr, Hz.Musanın isə bir sehrbaz olduğunu iddia etdilər. Bir sözlə, Hz.Musanı və ona inananları qorxutmaq üçün yeni planlar qurmağa, onlara qarşı cürbəcür təzyiq və işgəncələr tərtib etməyə başladılar:

“Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” - dedilər. (Musa) onların yanına dərgahımızdan haqq ilə gəldikdə onlar: “Onunla birlikdə iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını isə diri saxlayın!” - dedilər. Kafirlərin hiyləsi ancaq boşa çıxar. Firon dedi: “Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”. Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!”“ (“Mumin” surəsi, 23-27).

Firon Hz.Musanı öldürməklə aradan götürməyi düşünürdü. Firon öz mənfəətinin pozulmasını istəmirdi. Əgər Hz.Musa güclənsəydi, Firon xalqı istədiyi kimi idarə edə bilməyəcəkdi. Buna görə də Hz.Musanı fitnə-fəsad törətməkdə günahlandırıb onun öldürülməsini məntiqəuyğun addım kimi göstərməyə çalışırdı. Ancaq bu dəfə də Fironun ailəsindən bir nəfər Hz.Musaya dəstək verdi və Fironun zülmünə etiraz etdi:

“Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi dedi: “Məgər siz bir adamı: “Rəbbim Allahdır!” - deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq-aşkar möcüzələr gətirmişdir. Əgər o yalan deyirsə, ancaq öz əleyhinədir; yox, əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı, yalançını doğru yola müvəffəq etməz. Ey qövmüm! Bu gün hökm sizindir. Yer üzündə qalib olanlar da sizsiniz. Əgər bizə Allahın əzabı gəlsə, ona qarşı kim bizə kömək edə bilər?!” Firon dedi: “Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm!” O mömin adam dedi: “Ey qövmüm! Mən sizə bir günün kəlməsindən qorxuram! Nuh, Ad, Səmud qövmünün və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən (ehtiyat edirəm), Allah Öz bəndələrinə əsla zülm etmək istəməz! Ey qövmüm! Mən sizə üz verəcək vaveyla günündən qorxuram! (Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!” And olsun ki, daha öncə Yusif sizə açıq-aşkar dəlillərlə gəlmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” - dediniz. Allah həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar! O kəslər ki, özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalimin ürəyini belə möhürləyər!” (“Mumin” surəsi, 28-35).

Saraydakı mömin insanın bu xəbərdarlığı təkəbbürlü və inadkar Firona heç də təsir etmədi. Bu sözlərin onun ətrafına da təsirsiz qalması üçün özünü və bütün Misir xalqını xəbərdar edən bu müsəlmanı lağa qoymağa çalışdı. Köməkçisi Hamana tərəf dönüb kinayəli şəkildə ondan yüksək bir qüllə inşa etməsini istədi:

“Firon (istehza ilə) dedi: “Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim - göylərin yollarına (yetişim) və Musanın Allahını görüm. Doğrusu, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fironun hiyləsi ancaq boşa çıxdı” (“Mumin” surəsi, 36-37).

Firon Hamana sözügedən qüllə inşa etməsi əmrini verməklə sadəcə lağ edərək üstün çıxmağa çalışırdı. Hz.Musanın ona təbliğ etdiyi həqiqəti, yəni Allahın varlığını və birliyini qavraya bilmirdi. Firon Allahın göydə olduğunu düşünür, ora çıxıb baxanda bir şey tapılmayacağını deyir, beləliklə də Hz.Musanı kinayə ilə təkzib edirdi.

Fironun ailəsindən olan və gizlincə iman gətirən mömin insan isə Fironun bu hərəkətinə qarşı çıxaraq Allahın və axirətin varlığını onlara açıqca anlatmağa başladı. Onları əzabla xəbərdar etdi. Anlatdığı həqiqətə inanmalarını və ona tabe olmalarını istədi:

“O mömin adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım! Ey qövmüm! Bu dünya həyatı keçici bir şeydir, axirət isə əbədi yurddur! Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar! Ey qövmüm! Bu nə işdir! Mən sizi nicata dəvət etdiyim halda, siz məni cəhənnəmə dəvət edirsiniz! Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi yenilməz qüvvət sahibi olan, çox bağışlayan Allaha çağırıram! Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırmaq qabiliyyəti yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. Həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər! (Allahın əzabını gördükdə) sizə dediklərimi mütləq xatırlayacaqsınız, Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələri görəndir!” Beləliklə, Allah onu onların qurduğu hiylələrin şərindən qorudu. Firon əhlini isə şiddətli əzab sardı”
(“Mumin” surəsi, 38-45).

Geri