Hz. Musanın Misirdən qaçışı

Allah Quranda Hz.Musa ilə bağlı belə bir hadisəni xəbər verir:

“(Musa) şəhərə əhalisi xəbərsizkən girdi. Orada iki nəfərin vuruşduğunu gördü. Onlardan biri öz adamlarından, digəri isə düşmənlərindən idi. (Musanın) adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, azdıran, açıq-aşkar bir düşməndir!”“ (“Qəsəs” surəsi, 15).

Bu hadisədə Hz.Musa öz tərəfdarlarından birinin qovğasına şahid olur. Kimin haqlı, kimin haqsız olduğuna fikir vermədən öz tərəfdarlarının yanında durur. Digər tərəfdəki insana yumruq vuraraq onu istəmədən öldürür. Hz.Musa böyük səhv etdiyini başa düşür. Bu hadisədə Allah bizə bir dərs verir və bir insanı haqsız olmasına baxmayaraq yalnız öz tərəfdarı olduğu üçün dəstəkləməyin yanlışlığını öyrədir. Hz.Musa öz tərəfdarlarından olanı üstün tutmağını “şeytan işi” adlandırır.
Burada tənqid edilən üslub həqiqətən də tarix boyunca bəşəriyyətə kin və müharibə gətirmişdir və gətirməkdə davam edir. İnsanların haqqa və ədalətə görə deyil, hansı şəkildə olursa olsun öz ailəsini, əşirətini, xalqını, tərəfdarlarını və ya irqini haqlı çıxarmağa yönəlmiş səyləri tarixdəki zülm və çatışmazlıqların ən böyük səbəbidir.
Hz.Musa şeytanın insana verməyə çalışdığı bu pis hissin bir zülm olduğunu vicdanı ilə dərhal anlamış, şeytanın hiyləsi ilə etdiyi bu səhvə görə tövbə edib Allaha sığınmışdı. Qissənin davamında Hz.Musanın bu nümunəvi və vicdanlı davranışı haqda belə bəhs edilir:

“Dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir! (Musa) dedi: “Ey Rəbbim! Mənə bəxş etdiyin nemət haqqı mən əsla günahkarlara arxa olmayacağam!”“ (“Qəsəs” surəsi, 16-17).

Hz.Musa işlətdiyi xətanı, bir insanı sadəcə öz tərəfdarlarından olduğu üçün qoruduğunu, ancaq əslində ədalətli hərəkət etmədiyini başa düşmüşdü. Lakin tərəfkeşlik Misirdə də hakim idi. Hz.Musa onlardan birini bilmədən öldürmüşdü. İndi onlar öz irqlərini dəstəkləmək üçün Hz.Musanın öldürülməsini istəyə bilərdilər. Bu ehtimal onu qorxutmuşdu:

“Beləliklə, qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı. Dünən ondan imdad diləyən kəs fəryad çəkib yenə onu köməyə çağırır. Musa ona dedi:  “Sən, doğrudan da, açıq-aşkar bir azğınsan!”“ (“Qəsəs” surəsi, 18).

Beləliklə, Hz.Musa ilə Fironun xalqı arasında ikitirəlik başladı. Hz.Musa özünə Firon və ətrafı tərəfindən bir zərər gələcəyi qorxusu ilə gecəni keçirdi. Gündüz isə yuxarıdakı ayələrdə bildirilən hadisələr gerçəkləşdi. Bir gün əvvəl kömək etdiyi insan yenə başqa biri ilə bağlı Hz.Musadan kömək istədi. Çünki ayənin ifadəsi ilə desək, Hz.Musa onun tərəfdarlarından idi və eyni bir gün əvvəl etdiyi kimi o gün də ona yardım edəcəyini fikirləşirdi. Lakin Hz.Musa eyni səhvi bir daha təkrarlamadı. Öz tərəfdarlarından olan adamın səhv olduğunu bildiyi üçün ona kömək etmədi. Əsl günahkar olan bu insan isə tez Hz.Musanın əleyhinə çıxıb onu tənqid etdi. Onu tənqid edərkən bir gün əvvəl ona kömək göstərərək səhvən adam öldürməsi faktından da Hz.Musa əleyhinə bir dəlil kimi istifadə etdi:

“Onların hər ikisinin düşməni yaxalamaq istədikdə dedi: “Ya Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zalim olmaq istəyirsən! Sən xeyirxahlıq edənlərdən olmaq istəmirsən!”“
(“Qəsəs” surəsi, 19).

Hz.Musa bir misirlini səhvən öldürmüş bir insanın vəziyyətində idi. Firon və öndə gedənlər Hz.Musanın cəzalandırılmasını və hətta öldürülməsini müzakirə etməyə başladılar. Bu söhbəti eşidən bir insan Hz.Musanın yanına gələrək onu bu haqda xəbərdar etdi. Öldürülməkdən qorxan Hz.Musa şəhərdən ayrılıb Misirdən uzaqlaşdı:

“Şəhərin kənarından bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” (Musa) qorxu içində göz qoya-qoya oradan çıxıb: “Ey Rəbbim! Məni bu zalim tayfanın əlindən qurtar!” - dedi” (“Qəsəs” surəsi, 20-21).

Geri