İsrail oğullarının əmrə tabe olmaması və lənətlənməsi

İsrail oğulları Misirdən çıxdıqdan sonra Allah onlara yurd olaraq bir torpaq vəd etmişdi. Bu səfər əsnasında Hz.Musaya etdiklərini və onu saldıqları çətinlikləri əvvəlki səhifələrdə bildirdik. Vəd edilmiş torpaqlara gələndə də çətinlik yaratmağa davam etdilər:

“Bir zaman Musa öz camaatına belə demişdi: “Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən heç birinə vermədiyini sizə verdi. Ey camaatım! Allahın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz.
Onlar dedilər: “Ya Musa, orada nəhəng adamlar vardır. Onlar oradan çıxmayınca biz ora girməyəcəyik. Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq”“ (“Maidə” surəsi, 20-22).

Allah onlara dəfələrlə kömək etmişdi. Onları sudan keçirərək Firondan qurtarmış və bu torpaqları onlara vermişdi. Oradakı əzazil xalqla dava edəcəkləri təqdirdə mütləq qalib gələcəklərini vəd etmişdi. Onlar Allaha təvəkkül etməli və elçisinə tabe olmalı idilər. Ancaq Hz.Musanın xəbərdarlıqlarına qarşı çıxdılar, qorxduqlarına görə ora girmədilər. Qorxanlardan sadəcə iki kişi Allaha təvəkkül etməyin və oraya girməyin lazım olduğunu söylədi:

“Qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi: “Onların üstünə qapıdan girin. Əgər girsəniz, onlara mütləq qələbə çalarsınız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”“ (“Maidə” surəsi, 23).

İsrail oğulları bu xəbərdarlıqlara baxmayaraq Allahın elçisinə qarşı çıxıb ona sayğısızcasına səsləndilər:

“Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”“ (“Maidə” surəsi, 24).

Hz.Musanın xalqının azğınlığı artıq əməlli-başlı artmışdı. Onlar peyğəmbərlərinin heç bir sözünü dinləməyəcək, açıqca qarşı çıxacaq hala gəlmişdilər. Bundan sonra Musa peyğəmbər Rəbbimizə yalvarıb onu və qardaşı Hz.Harunu bu üsyankar xalqdan ayırmasını istədi:

“Musa dedi: “Ey Rəbbim! Mənim yalnız özümə və qardaşıma gücüm çatar. Sən bizi bu günahkar və azğın camaatdan ayır!” Allah Musaya buyurdu: “Artıq ora qırx il müddətinə onlara haram edildi. Onlar olduqları yerdə sərgərdən gəzib dolaşacaqlar. O günahkar camaatın halına acıma!”“ (“Maidə” surəsi, 25-26).

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allaha və elçisinə etdikləri bu üsyankarlıqdan sonra o bölgə düz qırx il İsrail oğullarına haram oldu və ora girə bilmədilər.

Hz.Musa ömrü boyunca Rəbbimizin risalətini təbliğ etməyə çalışdı. Xalqını bütlərdən ayırıb ona həqiqi dini anlatmaq üçün güc sərf etdi. Onun məqsədi Allahın razılığını qazanmaq üçün insanları xəbərdar edərək onları cəhənnəm əzabından qurtarmaq idi. Bunun üçün Fironla mübarizə apardı, öz xalqının yanlış inancını dəyişdirməyə çalışdı. Bunları edərkən həm Firondan və ətrafından, həm də öz xalqından əziyyət gördü. Ancaq Hz.Musa hər şeyi ilə Allah üçün yaşayan seçilmiş bir bəndədir və Rəbbimiz onu Fironun da, öz xalqının da sıxıntı və bəlalarından xilas etdi.

Peyğəmbərlərinin yolu ilə getməyən, onlara əmanət edilmiş dindən üz çevirən və “sən və Rəbbin get, ikiniz savaşın” deyərək nankorluq edən İsrail oğulları bütün möminlər üçün bir ibrət vəsiləsidir. Allah bütün insanları peyğəmbərindən üz çevirmiş İsrail oğulları kimi olmaması üçün belə xəbərdar edir:

“Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah onların dediklərindən təmizə çıxartdı. O, Allah yanında çox hörmətli idi” (“Əhzab” surəsi, 69).

Geri