Hz.Musanın anadan olması

Əvvəlki bölümdə də bəhs etdiyimiz kimi, Hz.Musa çox çətin bir şəraitdə dünyaya gəlmişdir. Dünyaya gələndə həyatı təhlükə qarşısında idi. Firon bütün yeni doğulan oğlan uşaqlarını öldürür, qız uşaqlarını isə kəniz edilməsi üçün sağ buraxırdı. Hz.Musa belə bir təhlükə içində qulların arasında öldürülmək təhdidi ilə yaşamağa başladı. Anası da Hz.Musa üçün qorxurdu. Onun bu qorxusu Allahdan aldığı ilhama qədər davam etdi:

“Biz Musanın anasına: “Onu əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya at. Qorxma və kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də peyğəmbərlərdən edəcəyik!” - deyə bildirdik” (“Qəsəs” surəsi, 7).

Allah Hz.Musanın anasına əgər qorxarsa, nə etmək lazım gəldiyini söyləmişdi. Əgər Fironun adamları Hz.Musanın anadan olduğunu öyrənsəydi, onu sandığın içinə qoyub suya buraxacaqdı. Hz.Musanın anası aldığı vəhyə uyğun hərəkət etdi. Çünki oğlunun həyatından qorxurdu. Hz.Musanı bir sandığa qoydu və axan Nilin sularına buraxdı. Çayın onu necə və hara aparacağını bilmirdi. Lakin Rəbbimizin ilhamı ilə sonda onun yenə özünə qaytarılacağını və peyğəmbər olacağını bilirdi. Hər şeyi Yaradan və onlara nizam verən Allah Hz.Musanı yaratmış, qədərinin (taleyinin) necə olacağını da ona bildirmişdi. Allah daha sonra doğumu ilə bağlı gerçəyi Hz.Musaya belə xatırladacaqdı:

“Anana vəhy edilməsi lazım olanı vəhy etdiyimiz zaman. “Musanı bir sandığa qoyub çaya at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi onu götürsün”...” (“Taha” surəsi, 38-39).

Burada üzərində dayanılmalı olan mühüm bir məsələ tale məsələsidir. Ayədə Allah Hz.Musanın anasına suya buraxılmasını söyləmiş və nəticədə onu Fironun götürəcəyini və özünə geri döndərib elçilərdən olacağını bildirmişdi. Yəni Hz.Musa doğulan zaman onun bir sandıq içində suya buraxılacağı, Fironun onu tapacağı, sonda isə Hz.Musanın bir peyğəmbər olacağı bəlli idi. Çünki Allah onun taleyini belə müəyyən etmişdi. Allah bunu Hz.Musanın anasına bildirdi.

Burada Hz.Musanın həyatındakı bütün təfərrüatların ən xırda cizgisinə qədər Allah dərgahında qədərdə təqdir edilməsinə və eynilə təqdir edildiyi kimi gerçəkləşdiyinə diqqət yetirmək gərəkdir. Allahın Hz.Musanın anasına bildirdiyi vəhyin gerçəkləşməsi saysız şərtin tam qədərdə müəyyən edildiyi kimi meydana gəlməsi ilə olmuşdur.

Hz.Musa Fironun adamlarından xilas olaraq suda boğulmadan Fironun sarayına qədər getməsi üçün:
1. Uşaq yaşdakı Hz.Musanın qoyulduğu sandığın içinə su dolmamalıdır. Bunun üçün sandıq ustasının sandığı suda üzə biləcək ölçülərdə düzəltməsi lazımdır. Digər tərəfdən, sandığın forması da üzmə sürəti baxımından əhəmiyyətlidir. Nə çox sürətli üzüb Fironun olduğu yeri ötüb keçəcək, nə də yavaş olub geri qalacaq şəkildə olmamalıdır. Tam olması lazım gələn sürətlə hərəkət edəcək şəkildə düzəldilməlidir. Bunların hamısı da sandığı düzəldən ustanın taleyində müəyyən edilmiş təfərrüatlardır. O da bu sandığı bütün lazımi tələblərə uyğun şəkildə hazırlamışdı.

2. Sandığı aparan axın nə çox sürətli, nə də yavaş olmalı, çayın suları lazımi sürətlə axmalıdır. Yəni Nilin əsasını təşkil edən yağışlar da tam bu cür Allahın yaratdığı qədər ölçüsündə və müəyyən bir hesabla olmuşdu.

3. Əsən küləklər də sandığa yenə lazım olduğu kimi təsir etməlidir. Yəni külək də bir tale əsasında əsir. Nə çox əsib sürətlənməli, nə tərs əsib yönünü dəyişdirməli, nə də yavaş əsib sürətini azaltmalıdır.

4. Nil boyunca başqa heç kəs sandığı tapmamalıdır. Yəni təhlükəli heç kimsə oradan keçməməli, oradan keçən heç kəs də ona rast gəlməməlidir. Dolayısı ilə Nilin ətrafında yaşayan hər kəs bir tale səbəbindən oradan keçməyəcək və ya sandığı görməyəcəkdi. Həmçinin bu şərt də Allahın müəyyən etdiyi qədərə görə gerçəkləşmişdir.

5. Hz.Musanın həyatı kimi Fironun və ailəsinin həyatı da bir taleyə uyğundur. Onlar da tam olmaları lazım olan saatda və olmaları lazım olan yerdə olmalı və Hz.Musanı tapmalıdırlar. Bəlkə Firon ailəsi Nilin kənarına daha tez gəlməyi planlaşdırmış ola bilirdi. Ancaq gecikmələrinə səbəb olan amil də talelərindəki işi dərk edərək lazım gələni təmin etmişdir.

Bunların hamısı Fironun Hz.Musanı tapmasını təmin edən səbəblərdən bir neçəsidir. Hamısı da Allahın Hz.Musanın anasına daha əvvəlcədən vəhy etdiyi sözə uyğun olaraq tam lazımi şəkildə gerçəkləşmişdir. Allahın Hz.Musanın anasına verdiyi söz və həyata keçən digər hadisələr də Allahın əzəldən müəyyən etdiyi taleyə görə baş vermişdir.

Hz.Musanın taleyində olan hadisələr yalnız bəhs etdiklərimizlə bitmir. Onun həyatının hər anı müəyyən bir tale cizgisi ilə hörülmüşdür. O, nə doğulduğu yeri, nə doğulduğu ili, nə öz tayfasını, nə də ana və atasını seçməmişdi. Bunların hamısını Allah müəyyən etmiş və yaratmışdır.

Daha incə və müfəssəl düşünsək, qədərin həyatın bir anına necə mütləq şəkildə hakim olduğunu daha yaxından hiss edə bilərik. Bu qissə də bunu daha çox xatırladaraq üzərində düşünülməsini təmin edir. Allah Hz.Musa qissəsindəki bütün bu təfərrüatlarla bütün insanların və bütün kainatın taleyini da əslində Özünün əvvəlcədən müəyyən etdiyini bizlərə xatırladır.

Hz.Musa Nildə taleyinə uyğun olaraq necə hərəkət edirdisə, Firon və ailəsi də onunla qarşılaşacaqları yerə talelərinə uyğun olaraq getmişdilər. Ayələrdə Firon ailəsinin eynilə Allahın daha öncə Hz.Musanın anasına vəhy etdiyi kimi davrandığı, yəni onu bilmədən himayə altına aldığı belə anladılır:

“Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı götürüb gəldilər. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər. Fironun qadını dedi: “Bu uşaq mənim də, sənin də göz bəbəyimiz olsun. Onu öldürməyin. Ola bilsin ki, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!” Onlar bilmirdilər.” (“Qəsəs” surəsi, 8-9).

Beləliklə, Firon və ailəsi qədərlərinin hara getdiyini bilmədən, ancaq o qədərə tabe olaraq Hz.Musanı tapdılar və onu övlad olaraq yanlarına aldılar. Hətta Hz.Musanı özlərinə fayda gətirmək ümidi ilə yanlarında saxladılar.
Digər tərəfdən isə Hz.Musanın anası oğlunun vəziyyətindən bixəbər olduğu üçün qorxurdu. Allah onun bu vəziyyətə tab gətirməsi üçün ürəyini rahatlamışdı:

“Musanın anasının ürəyi bomboş olmuşdu. Əgər inananlardan olsun deyə, ürəyinə səbr əta etməsəydik, az qala onu
(saraya gətirilmiş körpənin özününkü olduğunu) biruzə verəcəkdi. O, bacısına: “Onun dalınca get!” - dedi. O da hiss etdirmədən uzaqdan-uzağa gördü. Bundan qabaq Biz ona süd analarını qadağan etmişdik. Belə dedi: “Sizin ünün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailəni sizə nişan verimmi?” Beləliklə, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə, anasına qaytardıq. Lakin onların əksəriyyəti bilməz!” (“Qəsəs” surəsi, 10-13).

Körpə yaşdakı Hz.Musa onun üçün gələn heç bir süd anasına yaxın durmamış, onların südünü içməmişdi. Çünki Allah ona sadəcə anasının südünü içəcək bir şəkildə tale yazmışdı. Bu hadisə də insanların bütün istəklərinin Allahın müəyyən etdiyi taleyə görə yaşandığının bir nümunəsidir. Hz.Musa axırda anasına ilhamla bildirildiyi kimi, təkrar öz ailəsinə geri döndərildi.

Geri