Hz. Musa qissəsi və taleyin sirri

Tur dağındakı vəhy əsnasında Allah Hz.Musaya lütf kimi qardaşı Hz.Harunu ona köməkçi verəcəyi ilə müjdələmişdi. Sonra da Allah Hz.Musaya ona daha əvvəl verdiyi nemətləri xatırlatmışdı:

“Sənə bir dəfə nemət bəxş etmişdik. Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman. “(Musanı) bir sandığa qoyub çaya at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi onu götürsün”. Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə bir sevgi yaratdım. O zaman bacın gedib deyirdi: “Sizə ona baxa biləcək birisini göstərimmi?” Artıq gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri vurub öldürdün. Sonra
Biz səni o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik. İllərlə Mədyən əhli içində qaldın. Sonra da taleyinə uyğun olaraq bura gəlib çatdın, ya Musa! Və Mən səni Özümə seçdim!” (“Taha” surəsi, 37-41).

Bu ayələrdə əksər insanların xəbərsiz olduğu və ya tam qavramadığı tale sirri açıqlanır. Hz.Musa uşaqlığından elçi olana qədərki ömrünün hər anında Allahın əzəldən müəyyən etdiyi taleyinə uyğun yaşamışdır. Bu taledə Allahın təqdiri xaricində heç bir şey yoxdur. Məsələn, əvvəl qeyd etdiyimiz kimi, Hz.Musanın uşaq ikən çaya buraxılan sandığın içində Fironun ailəsinə çatması Allahın qədərdə müəyyən etdiyi minlərlə dəqiqliklə həyata keçmişdir.

Hz.Musanın həyatının sonrakı dövrlərində də taleyin mütləq hakimiyyətini görmək mümkündür. Hz.Musa öz xalqından olan adamın davasına qatılmış və şəhərdən çıxmışdır. Mədyən şəhərinə tərəf gedərək orada o qadınlarla qarşılaşmışdır. Mədyən suyuna gələndə çobanlar orada olduğuna görə qadınlar heyvanlarını öz gücləri sayəsində suvara bilməmiş və Hz.Musadan kömək istəmək məcburiyyətində qalmışdılar. Sonra qadınların atası olan yaşlı adam Hz.Musanı dəvət etmiş və buna görə Hz.Musa Mədyən şəhərində bir həyata başlamışdır. Hz.Musa razılaşdığı müddəti tamamladıqdan sonra isə geri dönmüş və dönərkən o alovu görmüşdü. Alovun yanına çatanda da Allahdan vəhy almışdı. Hz.Musanın anadan olduqda boş sandıq içində çayda üzməsi, Fironun onu tapması, sarayda böyüdülməsi, adamı səhvən öldürməsi, Misirdən qaçması, qadınlarla rastlaşması, yaşlı adamla uzun illər yaşaması, bir ailə qurması, sonra geri dönüş yoluna çıxması, vəhy alması və Quranda bəhs edilməyən saysız təfsilatların hamısı Hz.Musanın taleyində olan və anadan olmamışdan əvvəl Allahın müəyyən etdiyi hadisələrdir. Bunların hətta birinin həyata keçməməsi və ya fərqli şəkildə həyata keçməsi mümkün deyil. Çünki bütün insanların taleyi adətən bir videokasetdəki film kimidir. Videokasetdəki səhnənin birini aradan çıxara bilmədiyimiz kimi insanın həyatından da heç bir səhnəni çıxarmaq mümkün deyil. İnsanın həyatı hər anı ilə vahid bir tamdır.

Yuxarıdakı ayələrdə də Allah Hz.Musanın bir taleyi doğruldaraq müqəddəs Tuva vadisinə gəldiyini xəbər verir:

“...Sonra da taleyinə uyğun olaraq bura gəlib çatdın, ya Musa!” (“Taha” surəsi, 40).

Bu məsələni yaxşıca düşünüb dərk etmək lazımdır. Burada sözügedən tale təkcə Hz.Musaya aid deyil. Hz.Musanın anasının taleyində Hz.Musaya hamilə qalmaq vardı. Hz.Musanın doğulacağı gündə və hətta saatda onu dünyaya gətirməsi də Hz.Musanın anasının taleyidir. Hz.Musanın anasının da bir anası-atası var idi. Onların taleyində Hz.Musanın anasını dünyaya gətirmək vardı. Bu, Hz.Musanın atası və bütün soykökü üçün daha da genişləndirilərək nəzərdən keçirilə bilər.

Hz.Musanın Nildə körpə ikən içində üzdüyü sandığı düzəldən dülgər də bunu taleyin hökmü ilə etmişdi. Onun sandığı düzəldəcəyi o, hələ doğulmamışdan əvvəl Allah dərgahında müəyyən edilmiş qədərdədir. O dülgərin doğulmasına səbəb olan adamlar da bir taleyin hökmü ilə yaşamışlar.

Hz.Musanın tərəfkeşlik etdiyi davanı da fikirləşək. Bu dava Hz.Musa orada olduğu an baş vermişdi. Əgər məsələyə səthi baxılsa, “başqa bir anda olsaydı, Hz.Musa orada olmayacaq və hadisələr başqa cür baş verəcəkdi” deyə düşünə bilərlər. Halbuki bu, çox yanlış qiymətləndirmədir. Hz.Musanın qatıldığı dava da olması lazım gələn anda və lazımi şəkildə olmuşdu, çünki o hadisəni də Allah qədərdə təsbit etmişdi. Eyni tale gerçəyi dava edən adamlar və onların orada dava etməsini təmin edən səbəblər üçün də keçərlidir. Eyni gerçək Hz.Musaya qaçmasını tövsiyə edən və öldürüləcəyini xəbər verən insan üçün də keçərlidir. Mədyən suyundakı qadınlar və çobanlar da yenə eyni taleyin bir parçalarıdır.

Bunların hamısını düşünsək, sadəcə Hz.Musa deyil, onunla bağlı hər şey eyni taleyin parçalarıdır. Bunu bir az da inkişaf etdirsək görəcəyik ki, biz də eyni taleyin parçalarıyıq. Biz də sonsuz bilgi və güc sahibi olan Allahın bizim üçün yaratdığı taleyi yaşayırıq. Hər birimiz adımıza təsbit edilmiş bir taleyə əsasən dünyaya gəldik. Öləcəyimiz an da bir taleyə görə olacaq.

Geri