Hz. Musanın sehrbazlarla mübarizəsi

Sehrbazlar Hz.Musa qarşısında öz hünərlərini göstərmək üçün Misirin dörd bir yanından toplanıb Fironun yanına gəldilər. Firon mütləq qalib gələcəyini düşünürdü. Bu cür mübarizədən sonra ətrafındakılar öz hökmdarını qorumalı idilər. Sehrbazlar isə bu mübarizədə üstünlük qazanacaqları halda Firondan necə hədiyyə alacaqlarını həyəcanla gözləyirdilər:

“Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!” Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!” (Firon:) “Bəli, şübhəsiz ki, siz ən yaxın adamlardan olacaqsınız!” -deyə cavab verdi” (“Əraf” surəsi, 112-114).

Firon öz səltənətini möhkəmləndirəcək, sehrbazlar Firona yaxın olacaq və mənfəət əldə edəcəkdilər. Bir yanda Misirin ən bilikli sehrbazları, digər tərəfdə isə əvvəldən tanıdıqları və qul xalqa mənsub olan Hz.Musa və Hz.Harun var idi. Kimin birinci başlayacağına Hz.Musanın qərar verməsini qəbul etdilər:
“Onlar dedilər: “Ya Musa! Ya sən tulla, ya da biz birinci tullayaq! O dedi: “Xeyr, siz tullayın!” (Sehrbazlar əllərində kini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür” (“Taha” surəsi, 65-66).

Sehrbazlar sehrlərini atdıqda iplər və əsalar öz-özünə qaçırmışlar kimi göründülər. Ayədə də xəbər verildiyi kimi, hamı göz aldadılması ilə ipləri və əsaları qaçan kimi görmüşdü.

Diqqət etsəniz ayədə “elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib sürünür” deyilir. Yəni əslində bir qaçma, hərəkət etmək hadisəsi yoxdur, sadəcə baxan insanlara elə görünmüşdü. Bu sehrin yalnız göz aldanması olduğu və insanları bu şəkildə təsirləndiyini Allah başqa ayədə də belə xəbər verir:

“(Musa:) “Siz atın!” -dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər”
(“Əraf” surəsi, 116).

Fironun sehrbazları göstərdikləri illüzyon səhnələri ilə xalq arasında böyük etibar qazanmışdılar. Bunu isə Fironun səltənətini gücləndirmək üçün işlədirdilər. Hər cür sehri “Fironun gücü naminə” edir və bununla Firon sistemini möhkəmləndirirdilər. Firon isə bu sehrbazları maliyyələşdirirdi. Xülasə, ortada qarşılıqlı mənfəət əlaqəsi var idi.

Sehrbazlar da Hz.Musa ilə mübarizəyə girərkən Fironun metafizik bir gücünün olmadığını bildikləri halda sırf mənfəət əldə etmək və onun gözündə yüksəlmək üçün əsalarını atdılar. Bunu edərkən qalib gələcəklərinə çox əmin idilər və üstün gələcəklərini söylədilər:

“Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!” - dedilər” (“Şüəra” surəsi, 44).

Sehrbazların göstərdiyi səhnələr hiylə də olsa, görənləri təsirləndirirdi. Quranda bildirildiyinə görə, xalq dəhşətə düşəndə Hz.Musa da bundan təsirləndi və qorxmağa başladı. Çünki Hz.Musa da bu illüziya səbəbi ilə ipləri və əsaları qaçan kimi görmüşdü. Hz.Musa qorxmasın deyə Allah ona xatırlatdı:

“Musanın canına qorxu düşdü. Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!”“ (“Taha” surəsi, 67-69).

Hz.Musa Rəbbimizin bu xatırlatmasından dərhal sonra sehrbazlara dönüb onların etdiklərinin bir sehr olduğunu və Allahın bunları qəbul etməyəcəyini xəbər verdi:

“Onlar (əllərindəkini yerə) atdıqda Musa dedi: “Sizin etdiyiniz hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz!” (“Yunus” surəsi, 81).

Bu sözlərdən sonra Hz.Musa da əsasını atdı. Nəticə sehrbazlar üçün dəhşətli idi. Onlar bəzi əşyaları qaçırmış kimi göstərməyə çalışıb insanları inandırarkən Hz.Musanın əsası onların bütün sehrini udmuşdu. Allah bu hadisələri haqda ayələrdə belə xəbər verir:

“Biz də Musaya: “Əsanı tulla!” - deyə vəhy etdik. Bir də (baxıb gördülər ki) əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər” (“Əraf” surəsi, 117-119).

Hz.Musanın əsası sehrbazların etdiyi illüziya ilə deyil, möcüzəvi bir şəkildə hərəkət edirdi. Sehrbazlar Hz.Musaya bir tələ qurmuşdular. Ancaq plan quranların ən xeyirlisi olan Allah Hz.Musaya onların tələsini keçərsiz edən bir tələ qurmağı əmr etdi. Beləliklə, sehrbazlar qurduqları tələyə özləri düşmüş, Allah bir möcüzə yaradaraq əsaya fövqəladə bir özəllik vermişdi.

Geri