Qarunun təkəbbür göstərməsi və cəzalandırılması

Hz. Musa dövründə Firon və əsgərlərindən başqa bizə həlak edildiyi bildirilən bir başqa insan da Qarundur.
Qurana baxdığımızda Qarunun həm Hz.Musanın xalqından (yəni İsrail kökündən) olduğunu, həm də Misirdə böyük bir mülkə sahib olduğunu görürük.
Aşağıdakı ayə Qarunun Fironla birlikdə Hz.Musaya qarşı cəbhə təşkil etdiyini göstərir:

“Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” - dedilər” (“Mumin” surəsi, 23-24).

Fironla birlikdə olan Qarunun eyni zamanda çox böyük bir xəzinəyə görə məsuliyyət daşıması da diqqətçəkicidir:

“Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik...” (“Qəsəs” surəsi, 76).

Qarunun Fironun yanında sahib olduğu vəzifə və zənginlik onu xalqına qarşı azğın və qaba etmişdi. Hz.Musanı inkar etdiyi kimi, İsrail oğullarına göstəriş verərək onlara dünya həyatını sevdirməyə çalışmışdı. Allah Qarunun təkəbbürünü və İsrail oğullarının arasındakı imanı zəif kəslərin ona həsəd aparmasını belə anladır:

“Faxir libas geyib öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir!”“ (“Qəsəs” surəsi, 79).

İsrail oğullarının arasındakı möminlər isə Qaruna heç cür həsəd aparmadıqları kimi gerçəkdə onu acınacaqlı bir cəhalət içində olduğunu anlamış və ona belə öyüd vermişdilər:

“...Qövmü Qaruna belə dedi: “Sevinmə. Şübhəsiz ki, Allah malına qürrələnib sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!”“ (“Qəsəs” surəsi, 76-77).

Eyni mömin insanlar Qaruna həsəd edən yəhudilərə də öyüd vermiş və onları mömin şərəfi ilə düşünmələri və hərəkət etmələri, dünyanın ötəri bər-bəzəyinə deyil, Allahın rizasını qazanmaları üçün xəbərdarlıq etmişdi:


“...Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir!” Elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! Iman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!”“ (“Qəsəs” surəsi, 79-80).

Qarunun yolunu azmasının əsas səbəbi isə onun “özündə bir bilgi tapıldığına” inanması, yəni özünün başqa insanlardan üstün olduğunu düşünərək təkəbbür göstərməsidir:

“Dedi: “Bu məni yalnız məndə olan elm sayəsində verilmişdir”. Məgər o Allahın ondan əvvəl özündə daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar”
(“Qəsəs” surəsi, 78).

Ancaq Qarunun təkəbbürlənməsi ona xeyir deyil, zərər gətirmişdi. Allaha qarşı çıxıb nankorluq etdiyi, sahib olduqlarını özününkü bilərək böyük bir təkəbbür və lovğalıq içində azğınlıq etdiyi üçün özü-özünü əzaba düçar etmiş, Allahın qarşısında tək-tənha və aciz bir bəndə olduğunu anlamışdı. Çünki Allah Qarunun təkəbbür göstərməsinə səbəb olan mal-mülkü məhv etmişdi:

“Nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi” (“Qəsəs” surəsi, 81).

Bu həlakla birlikdə artıq Qarun əhatəsindəkilər və eyni zamanda ondan sonra gələnlər üçün bir ibrət və düşünmə mövzusu halına gəldi. Bir gün əvvəl ona həsəd aparanlar arzu etdikləri şeylərin əslində müvəqqəti və dəyərsiz olduğunu gördülər. Təkəbbür göstərənlərin sonda xilas ola bilməyəcəklərinin fərqində oldular və Allaha mütləq hesab verəcəklərini anladılar:

“Dünən onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!”“ (“Qəsəs” surəsi, 82).

Beləliklə, Qarun da Firon və Haman kimi məhv edilənlərdən oldu:

“Biz Qarunu da, Fironu da, Hamanı da məhv etdik. Musa onların yanına açıq-aydın dəlillərlə gəldi. Lakin onlar yer üzündə təkəbbürlük etdilər və buna görə də əzabımızdan sovuşa bilmədilər!” (“Ənkəbut” surəsi, 39).

Qarun qissəsi bizə mal-mülkə görə təkəbbür göstərən və ya özünü başqa insanlardan daha bilgili və ağıllı görərək lovğalanan insanların Allah dərgahında qətiyyən sevilmədiyini göstərir. Qarundan başqa Allah bizə keçmiş xalqları da nümunə göstərir. Daha əvvəldə bir çox mədəniyyət gəlib keçmiş və bunlar çox böyük gücə və və maddi səltənətə də yetmişdilər. Lakin bu anda onların heç biri yer üzündə mövcud deyil. Allah dünyaya hakim olduqlarını düşünən o insanların da canını alıb, ehtişam dolu sarayları isə ancaq xaraba şəklində bu günə qədər qalmışdır:

“Neçə-neçə məmləkəti əhalisi zülm etdiyi halda məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı” (“Həcc” surəsi, 45).

Yenə Qarun qissəsində öyrədilən başqa bir məsələ dünyanın müvəqqəti bər-bəzəyinə və bu bər-bəzəyin sahibi olan insanlara qibtə etməməkdir. Əsl qibtə ediləcək insanlar Allah yolunda sıxıntılara sinə gərən, mallarını və canlarını Onun yolunda fəda edən, malla deyil, iman, ağıl və təqva baxımından zəngin olan insanlardır. Dünyada sanki çox böyük rahatlıq və ehtişam içində görünən lovğa insanlar isə əslində mənəvi əzablar içində yaşayan və hər gün cəhənnəmə doğru sürüklənən kimsələrdir. Allah bu haqda belə buyurur:

“Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər” (“Tövbə” surəsi, 55).

Geri