Hz. Musa və elm sahibi olan insan

Quranda “Kəhf” surəsinin içində böyük bir qissə Hz.Musadan bəhs edir. Bu qissəyə baxdığımızda bu hadisələrin Hz.Musanın həyatının tam olaraq hansı dövründə keçdiyini anlaya bilmirik. Ehtimal edilən hadisə Hz.Musanın İsrail oğulları ilə birlikdə Misirdən çıxmasından sonra həyata keçmiş ola bilər. Bu qissənin ən vacib cəhəti isə rəmzlərlə dolu bir izahat olması, Allah dərgahından verilən bir elm və bu elmə sahib olan insanla Hz.Musanın dialoqlarından bəhs etməsidir. Bu qissənin əvvəlində Hz.Musa gənc köməkçisi ilə bir səfərə çıxar:

“Yadına sal ki, bir zaman Musa öz gənc dostuna belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca geri dönməyəcəyəm!”
Onlar iki dənizin qovuşduğu yerə gəlib çatdıqda balığı unutmuşdular, balıq isə dənizdə bir yarğana tərəf üz tutmuşdu.
Onlar keçib getdikləri zaman Musa gənc dostuna dedi: “Nahar yeməyimizi gətir. Bu səfərimiz bizi lap əldən saldı!”
O isə: “Görürsənmi, biz qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq əcaib bir şəkildə dənizə yollanmışdır!” - deyə cavab verdi. Musa: “Elə istədiyimiz də budur!” - dedi və onlar öz ləpirlərinin izinə düşüb gəldikləri yolla geri qayıtdılar” (“Kəhf” surəsi, 60-64).

Bu ayələrdə vacib hikmətlər yer alır. Diqqət edilirsə, Hz.Musa “yeməyimizi gətir, bu səfərimiz bizi lap əldən saldı” deməklə yemək vaxtını istirahət vaxtına uyğunlaşdırır. Halbuki başqa birisi yemək üçün bir, istirahət üçünsə ayrı bir fasilə verə bilərdi. Hz.Musanın bu hərəkəti özündə müsəlmanın öz vaxtını çox yaxşı dəyərləndirməsi, bu məqsədlə bir neçə işi eyni anda məntiqli şəkildə planlaşdıraraq görməsi kimi dərsləri ehtiva edir.

Başqa bir vacib hikmət səfər əsnasında yeməyin unudulması və bu unutqanlığın səbəbinin şeytan olduğunun açıqlanmasıdır. Burada şeytanın insanın üzərində vacib bir təsiri açıqlanır. Şeytan insanın unutqanlığına səbəb ola bilir. Məsələn, şeytan dinin və müsəlmanların xeyrinə olan faydalı bir işi unutdurmağa çalışır. Ən böyük məqsədi də insana Allahı unutdurmaq, onun Allahı anmasına və düşünməsinə mane olmaqdır. Şeytanın bu təsirinə qarşı iman edən bir insanın ən yaxşı mübarizəsi daima Allahı xatırlamasıdır.

Üçüncü bir hikmət Hz.Musanın sözügedən unutma məsələsini bir əlamət kimi qəbul etməsi və bunun ardından yolunu dəyişdirməsidir. Bu da Hz.Musanın daima Allaha bağlı olmasının, qarşılaşdığı hadisələrin Onun yaratdığını bilən və buna görə hadisələrdən nəticə çıxara bilən çox ağıllı və bacarıqlı bir insan olmasının əlamətidir.

Hz.Musa və gənc dostu yeməyi unutmalarını işarə kimi görüb izləri təqib edib geri döndülər. Daha sonra Hz.Musa bir kişi ilə rastlaşdı. Bu kişinin adı Quranda bildirilmir, ancaq geniş yayılaraq onun haqqında “Xızır” deyə söz edilir. Bu kişidə Allahın verdiyi xüsusi bir elm var. Hz.Musa bu elmi ona öyrətməyini istəyib, lakin o kişi Hz.Musaya buna səbrinin çatmayacağını anlatmışdı. Qissə belədir:

“Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini tapdılar. Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?”
Belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan əsla dözə bilməzsən. Axı sən bilmədiyin bir şeyə necə dözə bilərsən?
Musa dedi: “İnşallah, səbrli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!”
Dedi: “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” - dedi.
Bundan sonra onlar durub yola düşdülər. Gəmiyə mindikləri zaman onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü gəmini deşdin? Doğrusu, böyük bir şey etdin”. Belə cavab verdi: “Sənə demədimmi ki, mənimlə bir yerdə olanda əsla dözə bilməzsən?” Musa dedi: “Unutduğum bir şeyə görə məni danlama və məni öz işimdə çətinliyə salma!”
Yenə getdilər, nəhayət bir oğlan uşağı ilə rastlaşdıqda dərhal onu öldürdü. Musa dedi: “Pak (məsum) bir canamı qıydın? Doğrudan da, çox pis bir şey etdin”. Yenə belə cavab: “Sənə demədimmi ki, mənimlə birlikdə olanda əsla dözə bilməzsən?
Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində xəbər alsam, bir daha mənimlə yoldaşlıq etmə. Sən artıq mənim tərəfimdən üzrlüsən”. Sonra yenə yola düzəlib getdilər. Axırda bir məmləkət əhlinə yetişib onlardan yeməyə bir şey istədilər. Əhali onları qonaq etmək istəmədi. Onlar orada yıxılmaq üzrə olan bir divar gördülər. Onu düzəltdi. Musa dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir muzd alardın”... Dedi: “Bu artıq mənimlə sənin aranda ayrılıq vaxtıdır, dözə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm! Belə ki, gəmi dənizdə çalışıb-vuruşan bir dəstə yoxsula mənsub idi. Mən onu xarab etmək istədim, çünki həmin adamların arasında hər bir saz gəmini zorla ələ keçirən bir padşah var idi. Oğlana gəldikdə, onun ata-anası mömin kimsələr idi. Buna görə də biz ata-anasını da azğınlığa və küfrə sürükləməsindən qorxduq. Və Rəbbinin onun əvəzində onlara daha təmiz və daha mərhəmətli olan başqa bir övlad verməsini istədik. Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Onların atası əməlisaleh idi. Rəbbin onların həddi-büluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi.
Mən bunları öz-özümdən etmədim. Sənin səbr edib dözə bilmədiyin şeylərin yozumu budur!”“ (“Kəhf” surəsi, 65-82).

Bu qissədən çıxarılması lazım olan vacib bir dərs var: Allah insanların şər kimi gördüyü hadisələrin ardınca çox böyük xeyirlər yaradır. Bir gəminin ortada heç bir aşkar səbəb olmadan batırılması, bir uşağın aşkar bir günahı yox ikən öldürülməsi kimi hadisələr səthi olaraq dəyərləndirilsə, bunlar böyük bir şər (pislik) kimi görünürlər. Ancaq bu qissədə də izah edildiyi kimi, Allahın bu hadisələri yaratmasında insanın görmədiyi və bilmədiyi böyük xeyirlər və hikmətlər var. Əlbəttə, Hz.Musa ilə bağlı bu qissədə izah edilən hadisələr tamamən batini bir vəziyyətdir. Yəni gündəlik həyatda qarşılaşılacaq hadisələr deyil. Burada əsas mövzu Allahın vəzifələndirdiyi bir insanın varlığı məsələsidir.

Geri