Hz. Musanın xalqının yolunu azaraq buzova sitayiş etməsi

Fironun və əsgərlərinin suda boğulmasının ardından Hz.Musa xalqı ilə bərabər təhlükəsizlik içində yaşayacaqları yerə doğru yola çıxdı. Ancaq bu yolçuluqda İsrail oğullarının çoxunun iman baxımından çox zəif və azğınlığa çox meylli olduğunu göstərən əlamətlər ortaya çıxdı.
Misir xalqının dini bütpərəstlik idi. Bir çox bütlər var idi. İsrail oğulları orada yaşadığı vaxt ərzində bu dindən təsirlənmişdilər. Ataları Hz.İbrahim, Hz.İshaq və Hz.Yaqubun onlara bir yol olaraq qoyub getdiyi tövhid dininə mənsub olsalar da Allahı anmaqda zəif olduqlarına görə bütpərəst misirlilərin mədəniyyətindən təsirlənmiş, onları bəzi azğın adət və anlayışlarını mənimsəmişdilər. İsrail oğullarının bütpərəstliyə meyli yol gedərkən bütpərəst xalqa rast gələndən sonra ortaya çıxdı. Bəzi yəhudilər bu bütpərəst xalqa ağılsızcasına həsəd apararaq Hz.Musadan onlara da büt düzəltməsini istədilər:

“Biz İsrail oğullarını dənizdən keçirtdik, onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. Dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”“ (“Əraf” surəsi, 138-139).
Hz.Musanın xalqı arasındakı bu bütpərəstlik düşüncəsi bundan sonra da ortaya çıxacaqdı. Çünki Hz.Musanın xalqı arasında Allahdan lazımınca qorxmayan və asanlıqla inkara meyl edən insanlar vardı.

Hz.Musa və xalqı Tur dağına doğru yönəldilər. Çünki Quranda bildirildiyinə görə, orada Allah Hz.Musa ilə “sözləşmişdi”.  Bu sözləşmə qırx günlük bir müddət üçün edilmişdi. Hz.Musa dağda qırx gün qalacaqdı. Hz.Musa tələsərək xalqını geridə buraxdı və təkaşına irəlidə getməyə qərar verdi. Yerinə isə qardaşı Hz.Harunu qoydu. O da Allahın elçisi idi. Hz.Musa getdikdə xalqa o, rəhbərlik edəcəkdi. Hz.Musa xalqdan ayrılmazdan əvvəl Hz.Haruna bəzi tövsiyələr verdi:

“Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu, Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, (camaatı) islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə!”“ (“Əraf” surəsi, 142).

Hz.Musa xalqdan ayrılıb təyin edilən vaxtda Tur dağına çatdı. Allah orada onunla bir daha söhbət etdiyini Quranda belə bildirir:

“Musaya vəd etdiyimiz vaxt kəlib çatanda Rəbbi onunla danışdı. Musa: “Ey Rəbbim! Özünü mənə göstər. Sənə baxım!” -dedi. Allah: “Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən”, - buyurdu.
Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra
isə: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim. Mən iman gətirənlərin birincisiyəm!” - dedi. Allah belə buyurdu: “Ya Musa! Mən Öz risalətlərimlə və danışmağımla insanlardan səni seçib üstün tutdum. İndi sən verdiyimi al və şükr edənlərdən ol!”
Biz onun üçün lövhələrdə hər şeydən, moizə və təfsilata dair hər şey yazdıq. Və belə buyurduq: “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl hökmlərindən yapışmağı əmr et. Cizə fasiqlərin yurdunu göstərəcəyəm!”
(“Əraf” surəsi, 143-145).

Bu arada İsrail oğullarının arasındakı münafiqlər Hz.Musanın öz xalqından ayrılmasını bir fürsət bildilər. Hz.Harunun əmrlərini dinləməyən xalq özünə Misir dinindəki kimi bir büt düzəltdirdi: bu büt buzov heykəli idi:

“Tur dağına gedən Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən böyürtüsü olan bir buzov heykəli düzəltdilər...”
(“Əraf” surəsi, 148).

Bu əsnada Allah Hz.Musaya xalqının vəziyyətini və nə üçün onlardan əvvəl gəldiyini soruşdu:

“Allah buyurdu: “Ya Musa! Səni öz camaatından ayırıb tələsdirən nə idi?” Musa belə cavab verdi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!”“ (“Taha” surəsi, 83-84).

Hz.Musa xalqının vəziyyətini bilmirdi. Allah ona xalqının yolunu azdığını, xalqı azdıran Samiri adlı münafiqin mövqeyini və özlərinə buzovdan bir büt düzəltdiklərini söylədi:

“Allah: “Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı”, - deyə buyurdu” (“Taha” surəsi, 85).

Bundan sonra Hz.Musa aşağıdakı ayələrdə bildirildiyi kimi, Rəbbimizin verdiyi lövhələri alıb xalqı geri döndü:

“Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsa mənim sizdən ayrılmağımdan uzun bir müddət keçdi? Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?” Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Amma biz Firon tayfasının zinətlərindən ibarət ağır bir yüklə yüklənmişdik. Onları atdıq. Samiri də bizim kimi atdı”. Onlara böyürən bir buzov heykəli çıxartdı. Dedilər: “Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”“
(“Taha” surəsi, 86-88).

Bu hissədə bir münafiqin qəlbi xəstə insanları necə azdıra biləcəyi çox açıq bir şəkildə izah edilir. Münafiqlər daima fitnə və qarışıqlıq üçün uyğun şəraitlər axtarır. Burada da səhv yola düşməyə meylli olan bir xalq üçün ən uyğun şərait Hz.Musanın aralarında olmadığı zamandır. Samiri də belə bir şəraitdə ortaya çıxmışdı. Bu insanlar əvvəllər də bütə sitayiş etməyə meylli idilər. Hz.Musadan özü üçün belə bir büt düzəltməsini istəyən xalqın bu zəifliyini də Samiri bilir. O, onların istəyi olan və yollarından azdıracaq bir üsul tapmışdır. Bundan istifadə edərək onların sevəcəyi buzovun heykəlini düzəltmişdir. Bu heykəlin doğru olduğunu göstərmək üçün iddia edirdi ki, heykəl guya Hz.Musanın da tanrısıdır və Hz.Musa onu guya unudub.

Firon və əsgərləri gəldikdə Hz.Musa təkbaşına dəniz kənarında Allaha olan imanına dayanaraq xalqına necə hidayətlə yol göstərmişdisə, Samiri də burada təkbaşına eyni xalqa azğınlıqla səhv yol göstərmişdi. Burada imanlı bir insanın bir cəmiyyətə nə qədər xeyirli təsirinin ola biləcəyini, həmçinin bir münafiqin də nə qədər zərər verə biləcəyini görürük.

Əslində Hz.Harun xalqına nəsihətlər verib səhv yola döndüklərini, fitnəyə düşdüklərini onlara izah etmişdi. Ancaq buna baxmayaraq onun sözlərinə itaət etmədilər. Quranda bu həqiqət belə izah edilir:

“Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!” Onlar: “Musa qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” - deyə cavab vermişdilər” (“Taha” surəsi, 90-91).

Burada xalqın Hz.Musaya olan itaətinin onu lider kimi qəbul etməsindən qaynaqlandığını başa düşürük. Əgər imana arxalanan kəskin bir itaətləri olsaydı, Allahın elçisi olduğu üçün Hz.Haruna dərhal itaət etməli idilər. Ancaq Hz.Harunu öz liderləri kimi görməyib onun sözlərini dinləmədilər. Hətta etdikləri xətaya müdaxilə etdikdə onu öldürmək istədilər:

“Musa qayıtdıqdan sonra dedi: “Ya Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, arxamca gəlmədin? Əmrimə asimi oldun? Harun belə cavab verdi: “Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu, sənin: “İsrail oğulları arasına ayrılıq saldın, sözümə baxmadın!” -deyəcəyindən qorxdum” (“Taha” surəsi, 92-94).

 

“Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?” Musa qəzəbindən lövhələrini yerə atdı, qardaşının başından yapışıb özünə tərəf çəkməyə başladı. Harun dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalimlərlə bərabər tutma!” Musa dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!” (“Əraf” surəsi, 150-151).

Hz.Harunun verdiyi cavaba görə Hz.Musa onu tək buraxdı. Əsl fitnə-fəsad törədən və o insanların yolundan azmasına səbəb olan Samiriyə tərəf döndü. Ondan etdiklərinin səbəbini soruşdu. Samiri bunları boşuna etmədiyini və heç kəsin fikir vermədiyi şeylərə fikir verdiyini söyləyərək özünü təmizə çıxarmağa çalışdı. Hətta elçinin izindən də bəzi şeyləri aldığını və bunu edərkən nəfsinin ona yol göstərdiyini söylədi:

“Musa: “Ey Samiri! Sənin məqsədin nə idi?” - deyə soruşdu. Belə cavab verdi: “Mən onların görmədiklərini gördüm. Mən o Rəsulun ləpirindən bir ovuc torpaq götürdüm və onu atdım. Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. Musa dedi: “Çıx get burdan. Həyatın boyu: “Bir kəs mənə toxunmasın!” - deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vaxt gözləyir. İndi tapınıb durduğun tanrına bax. Biz onu yandıracaq, sonra da dənizə atacağıq!” (“Taha” surəsi, 95-97).

Diqqət edilirsə, Samirinin fitnə-fəsad törətməsinin ən böyük səbəbi onun özündən başqa hər kəsdən daha ağıllı və uzaqgörən olduğuna inanmasıdır. Bu təkəbbür “mən onların görmədiklərini gördüm” şəkilli cümləsindən açıqca anlaşılır. Bu təkəbbür və qürur hissi Samirinin asanca öz nəfsinin və şeytanın əmrinə tabe olmasına və “fərqli bir şey edərək lider olmaq” psixologiyası içində inkar yoluna düşərək fitnə-fəsad törətməsinə səbəb olmuşdur. Halbuki müsəlman heç vaxt başqa müsəlmanlarla müqayisədə özünün ən ağıllı və ən üstün olduğu fikri ilə hərəkət etməz. Hər zaman özündə bir xəta payının ola biləcəyini düşünər, xəta etməkdən Allaha sığınar. Əgər həqiqətən kiminsə fikir vermədiyi və görmədiyi bir məsələni görübsə, bunun bir Allah lütfü və imtahanı olduğunu bilər və ona görə davranar. “Allah mənə bunu görməyi nəsib etdi, elm ancaq Ondandır” deyər. O ki qaldı Samirinin gördüyü şeyə, o, fitnədən və yolunu azmaqdan başqa bir şey deyil.

Bütün bu hadisələrin ardınca Hz.Musa Samirinin başladığı fitnə-fəsada qarşı iki vacib tədbir görmüşdü. Birincisi, fitnə-fəsadın mənbəyi olan və insanların düz yoldan azmasına səbəb olan Samirini xalqın içindən qovmaq. Beləliklə də Samiri bir daha münafiqlik etməyəcək və fitnə-fəsad törətməyəcəkdi. İkincisi isə onun düzəltdiyi bütü tamamilə məhv etmək idi. Xalqın büt kimi mənimsədiyi buzov heykəli tamam yandırılacaq və külü də bir daha tanınmasın deyə dənizə səpiləcəkdi.

Göründüyü kimi. Hz.Musanın dinlə bağlı böyük bir himayədarlıq və təəssüb hissi və həvəs dərəcəsində mütləq bir bağlılığı var idi. Hz.Musa insanların Allahı inkar etməsinə səbəb olan amillərə qarşı çox kəskin və düzgün tədbirlər görmüş, inkarçılığı kökündən məhv etmək üçün çox qərarlı davranmışdır. Bu, bütün peyğəmbərlərin və onların yolunu davam etdirən hidayət liderlərinin müştərək vəzifəsidir.

Hz.Musa fitnənin səbəblərini aradan qaldırdıqdan sonra da bütün xalqına dərs verərək onu tövbəyə və Allaha itaət etməyə dəvət etmişdi:

“O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, nəfsinizi öldürün! Belə etməniz yaradınınızın yanında sizin üçün xeyirlidir!” - demişdi və Allah da tövbənizi qəbul etmişdi, Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır”
(“Bəqərə” surəsi, 54)
.

Geri